DÜNYA


Çin Beynəlxalq İdxal Sərgisinə 160 mindən çox alıcı baş çəkəcək

Şanxay, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Şanxayda işə başlayan birinci Çin Beynəlxalq İdxal Sərgisini 80 mindən çox şirkətdən 160 min alıcının ziyarət edəcəyi gözlənilir.

AZƏRTAC tədbirin təşkilat komitəsinə istinadla xəbər verir ki, Çində və dünyada ölkə səviyyəsində keçirilən ilk idxal məhsulları və xidmətləri sərgisində 170-dən çox ölkədən 3 mindən artıq şirkət iştirak edir. Noyabrın 10-dək davam edəcək sərgi xarici şirkətlərin dünyanın ardıcıl 9 ildir ən böyük ikinci idxalçısı olan Çinin istehlak bazarına yol tapmaq üçün yaxşı platforma hesab olunur. Ötən il dünya üzrə ümumi idxalın 10,2 faizi Çinin payına düşüb. Proqnozlara görə, qarşıdakı 5 il ərzində Çin 10 trilyon ABŞ dolları dəyərində məhsul və xidmət idxal edəcək.

Qeyd edək ki, Çində daxili istehlak bazarının böyüməsi alıcıların keyfiyyətli və müxtəlif çeşiddə məhsullara ehtiyacının çoxalması ilə müşayiət olunur. Ölkədə orta gəlirli insanların sayı 300 milyon nəfərə çatıb ki, bu da dünya üzrə ümumi rəqəmin təxminən 30 faizinə bərabərdir. Çin hökuməti ölkədə ehtiyac olan 1585 adda məhsulun, o cümlədən avtomobillərin, istehlak mallarının, bəzi avadanlıqların, dərmanların idxal rüsumlarını azaldıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Şanxay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.