İQTİSADİYYAT


Çin, Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil ediləcək

Bakı, 31 oktyabr, Ramiz Quliyev, AZƏRTAC

Oktyabrın 31-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərə və eləcə də qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, rəqabətədavamlı qeyri-neft istehsalının stimullaşdırılması, ixracatçılara yaradılmış əlverişli imkanlar, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Yusif Abdullayev KİV nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda və xarici ölkələrdə 180 tədbir (biznes forumlar, ikitərəfli görüşlər və s.) təşkil olunub. Bu ilin əvvəlindən 8 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 9 anlaşma memorandumu imzalanıb.

Ötən dövrdə İxracatçılar Klubunun keçirdiyi 17 iclasdan 14-ü Bakıda, 3-ü isə regionlarda təşkil olunub. Ümumilikdə indiyədək sahibkarlara 6,9 milyon manat, bu ilin yanvar-sentyabr aylarında isə 3,7 milyon manat məbləğində ixrac təşviqi ödənilib.

Nəzərə çatdırılıb ki, qeyri-neft məhsullarının ixracı üçün mövcud və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə tətbiq olunan mexanizmlərindən biri də bazar araşdırmalarının aparılmasıdır. İndiyədək ixracla məşğul olan sahibkarlıq subyektlərinin müraciətləri əsasında ümumilikdə 12 bazar araşdırması aparılıb.

Qeyd olunub ki, 9 ay ərzində Azərbaycan şirkətlərinin “Made in Azerbaijan” vahid ölkə stendi ilə 8 beynəlxalq sərgidə iştirakı təmin olunub. Belə ki, şirkətlərimiz “Beynəlxalq Yaşıl Həftə - 2018”, “Fruit Logistica 2018”, “Prodexpo 2018”, “Worldfood Moscow 2018”, “Gulfood 2018”, “Sial China”, “6-cı Çin-Avrasiya”, “KazBuild 2018” beynəlxalq sərgilərdə iştirak ediblər.

İlin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 3,5 milyon dollar dəyərində müqavilə imzalanıb, artıq 2,6 milyon dollar dəyərində məhsul ixrac olunub.

Həmin müddət ərzində yerli məhsulların xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Rusiya, İsveçrə, Çin və Qazaxıstana ixrac missiyası həyat keçirilib. Ümumilikdə isə, indiyədək 12 ölkəyə 17 ixrac missiyası təşkil olunub və Azərbaycan şirkətləri 6 ölkədə keçirilən 14 beynəlxalq sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində öz məhsullarını nümayiş etdiriblər.

Bu ilin yanvar-sentyabr ayları ərzində Ukrayna, Latviya və Çində “Azərbaycan Ticarət evi” fəaliyyətə başlayıb. Ümumilikdə isə, hazırda 4 xarici ölkədə “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Bu ilin sentyabrında Çində ilk “Azərbaycan Şərab evi” açılıb.

Tədbirdə vurğulanıb ki, yerli məhsulların xarici bazarlarda tanıdılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, 2018-ci ilin noyabr ayında Çinin Şanxay şəhərində "Şərab Evi", ilin sonunadək BƏƏ, Polşa və Qazaxıstanda "Azərbaycan Ticarət Ev"ləri, Rusiyada isə "Şərab Evi"nin açılması nəzərdə tutulur.

Bununla yanaşı, hazırda Azərbaycanın xarici ölkələrdə - Rusiya, Çin, Şərqi Avropa və Birləşmiş Ərəb Əmirliklərində 4 ticarət nümayəndəliyi fəaliyyət göstərir.

Ölkəmizin ixrac və investisiya imkanlarının təşviqi, Azərbaycan məhsullarının xarici bazarlarda tanıldıması tədbirlərinın davamı olaraq, 2018-ci ilin sonunadək Çin, Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil ediləcək.

Qeyd olunub ki, şirkətlərimiz bir neçə gün əvvəl başa çatmış “SIAL Paris” beynəlxalq ərzaq sərgisində uğurla təmsil olunublar. İlin sonunadək isə Azərbaycan şirkətləri Çində keçiriləcək “Çin Beynəlxalq İdxal" və “Prowine China” sərgilərində vahid ölkə stendi ilə iştirak edəcəklər.

Sonda AZPROMO-nun fəaliyyətinə dair suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.