DÜNYA
Çin Böyük Britaniyanın honkonqlulara verdiyi pasportları etibarlı sənəd kimi tanımayacaq
Pekin, 29 yanvar, AZƏRTAC
Rəsmi Pekin Böyük Britaniyanın Honkonq sakinlərinə təqdim etdiyi BNO (British National Overseas) pasportlarını şəxsiyyəti təsdiq edən və səyahət sənədi kimi tanımayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien açıqlama verib.
Qərarın yanvarın 31-dən qüvvəyə minəcəyini bildirən XİN rəsmisi əlavə edib ki, Pekin daha sərt qərarlar qəbul etmək hüququnu özündə saxlayır.
BNO pasportları Honkonqun 1997-ci ildə Çinə təhvil verilməsinədək şəhərdə yaşayan sakinlərə könüllülük prinsipi əsasında təqdim edilən pasportlardır. Yanvarın 31-dən etibarən bu pasporta sahib olanlar Çinin materik hissəsinə daxil ola bilməyəcək. Daha sərt qərarlar dedikdə isə, bu pasportu seçən honkonqluların Honkonq Xüsusi İnzibati Ərazisinin pasportundan məhrum olması deməkdir. Başqa sözlə, əgər belə qərar qəbul olunarsa, BNO pasportu olanlar ya Honkonq, ya da Böyük Britaniya vətəndaşlığını seçməli olacaqlar.
Son aylar Çin ilə Böyük Britaniya arasında Honkonq məsələsi ilə bağlı siyasi-diplomatik gərginlik müşahidə olunur. Çinin BNO pasportları ilə bağlı qərarı rəsmi Londonun 5,4 milyon honkonqluya Böyük Britaniya vətəndaşlığı vermək üçün başlatdığı prosesə cavabdır. Çin tərəfi bu cür addımları Böyük Britaniyanın Çinin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirərək, bir neçə dəfə sərt etirazını bildirib.
London isə Çinin ali qanunverici orqanının ötən il Honkonq Xüsusi İnzibati Ərazisində "Milli təhlükəsizlik qanunu"nu qəbul etməsinin Honkonqun Çinin suverenliyinə verilməsini təmin edən Çin-Böyük Britaniya birgə bəyannaməsinin (1984) ciddi pozuntusu kimi qiymətləndirib.
Qeyd edək ki, uzun illər Böyük Britaniyanın tabeliyində olan Honkonq 1997-ci il iyulun 1-də Çinin yurisdiksiyasına qaytarılıb. London ilə Pekin arasında əldə olunan razılaşmaya əsasən şəhərə Çin Xalq Respublikasının daxilində Xüsusi İnzibati Ərazi kimi böyük muxtariyyət verilib, Honkonqa "Bir dövlət, iki sistem" prinsipi əsasında öz iqtisadi-gömrük müstəqilliyini və idarəetmə sistemini saxlamaq hüquqi verilib. Başqa sözlə, Honkonqun xarici siyasət yürütmək və ordu istisna olmaqla müstəqil dövlət kimi var olmaq hüququ təmin edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin