Çin COVID-19 infeksiyasına nəzarət tədbirlərini yumşaldır
AzerTAg.az

Bakı, 7 dekabr, AZƏRTAC
Çinin hakimiyyət orqanları ölkə daxilində koronavirus infeksiyasının yayılmasına nəzarət etmək üçün profilaktik tədbirləri və sosial məhdudiyyətləri yumşaltmağı qərara alıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinin optimallaşdırılmasına dair qərar Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi tərəfindən qəbul olunub.
Sənədə əsasən, bundan sonra yüksək risk zonaları inzibati-ərazi vahidləri üzrə deyil, binalar, mənzillər, mərtəbələr və ev təsərrüfatları üzrə müəyyən ediləcək. Ardıcıl 5 gün ərzində yeni infeksiyalar olmadıqda, yüksək risk zonası rejimi ləğv olunur.
Həmçinin simptomsuz xəstələr və infeksiyanı yüngül keçirən insanlar evdə özünütəcrid və ya mərkəzləşmiş könüllü karantin arasında seçim edə biləcəklər.
Çində koronavirusa yoluxma hallarının sayında artım noyabrın əvvəlində qeydə alınıb, yoluxanların böyük əksəriyyəti virusun asemptomatik daşıyıcıları olub. Ölkə hökuməti əvvəlcə COVID-19-un yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirləri gücləndirib. Noyabrın sonunda Çinin bir sıra şəhərlərində COVID tədbirləri əleyhinə nümayişlər keçirilib.
Xəbərin mətnində orfoqrafik səhv var