İDMAN
Çin Futbol Assosiasiyası Marçello Lippinin istefasını qəbul edib VİDEO
Pekin, 15 noyabr, AZƏRTAC
Çin Futbol Assosiasiyası italiyalı mütəxəssis Marçello Lippinin Çin millisinin baş məşqçisi vəzifəsindən istefasını qəbul edib.
AZƏRTAC Çin Futbol Assosiasiyasına istinadla xəbər verir ki, Marçello Lippi Çin millisinin 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində noyabrın 14-də Suriya yığmasına 2:1 hesabı ilə məğlub olmasından sonra istefa verib. Həmin oyundan sonra Çin millisi qrup lideri Suriyadan 5 xal geri olmaqla 7 xalla qrup ikincisidir. Çin komandasının dünya çempionatına vəsiqə qazanmaq şansı çox aşağıdır.
Qeyd edək ki, bu, 71 yaşlı italiyalı futbol mütəxəssisinin Çin millisindən ikinci istefasıdır. Marçello Lippi ilk dəfə 2016-cı ilin noyabrında Çin millisinin baş məşqçisi vəzifəsinə təyin edilmişdi. Amma o, cari ilin yanvarında Çin yığmasının Asiya kubokunun dörddəbir finalında İran millisinə 0:3 hesabı ilə məğlub olmasından sonra istefa vermişdi. Lakin may ayında yenidən Çin millisinin baş məşqçisi təyin edilmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin