DÜNYA


Çin Honkonq məsələsi ilə əlaqədar ABŞ vətəndaşlarına viza məhdudiyyəti tətbiq edəcək

Pekin, 29 iyun, AZƏRTAC

Rəsmi Pekin Çinin Honkonq Xüsusi İnzibati Ərazisi ilə bağlı kobud fəaliyyətləri olan ABŞ vətəndaşlarına viza məhdudiyyəti tətbiq edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien iyunun 29-da gündəlik mətbuat konfransında açıqlayıb. Bu, ABŞ-ın Honkonq məsələsi ilə bağlı bəzi Çin rəsmilərinə viza məhdudiyyəti ilə bağlı qərarına cavabdır. Çin tərəfi viza məhdudiyyəti tətbiq olunacaq şəxslər barədə məlumat verməyib.

Cao Licien Çinin milli suverenliyini, təhlükəsizliyini və inkişaf mənafelərini, o cümlədən Honkonq məsələsi ilə bağlı “Bir dövlət, iki sistem” prinsipini müdafiə etmək əzmində olduğunu bir daha bəyan edib. Bildirib ki, Honkonqda milli təhlükəsizlik qanunvericiliyi məsələsi tamamilə Çinin daxili işidir və heç bir xarici dövlətin ona müdaxilə etmək hüququ yoxdur. Çin bu məsələdə bütün xarici müdaxilələri qəti rədd edir.

Qeyd edək ki, ötən həftə ABŞ Senatında “Honkonqun muxtariyyəti aktı” qəbul olunub və bunun ardınca dövlət katibi Mayk Pompeo Vaşinqtonun Honkonqda azadlıqların pozulmasına və bölgənin muxtariyyətini sarsıtmağa məsuliyyət daşıyan Çin Kommunist Partiyasının vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.