DÜNYA
Çin İnkişaf Bankının sabiq sədri həbs olunub
Pekin, 13 fevral, AZƏRTAC
Çin Ali Xalq Prokurorluğu dünyanın ən iri inkişafı maliyyələşdirmə təsisatı olan Çin İnkişaf Bankının sabiq sədri Xu Xuaybanı korrupsiya əməllərində şübhəli bilərək həbs edib.
AZƏRTAC Prokurorluğa istinadla bildirir ki, Çin Dövlət Nəzarət Komitəsi sabiq sədrin işi üzrə apardığı təhqiqatı Ali Xalq Prokurorluğuna təhvil verib. Hazırda prokurorluq Xu Xuaybanın işi üzrə geniş təhqiqat aparır, onun saxlanılmasına da təhqiqatın gedişində qərar verilib.
Haqqında araşdırma aparılan Xu Xuayban qanun və intizam pozuntusuna görə bir neçə gün əvvəl Çin Kommunist Partiyasının (ÇKP) sıralarından uzaqlaşdırılıb. O, həm də Çin İnkişaf Bankının Partiya Komitəsinin katibi olub. Sabiq sədrin ÇKP-nin 19-cu qurultayına olan mandatı da ləğv edilib.
Qeyd edək ki, 1994-cü ildə yaradılan Çin İnkişaf Bankı Dövlət Şurasının (Nazirlər Kabineti) inkişafı maliyyələşdirmə təsisatı kimi fəaliyyət göstərir. Nizamnamə kapitalı 421,248 milyard yuan (təxminən 60 milyard ABŞ dolları) olan bank ölkənin orta və uzun dövr üçün iqtisadi və sosial inkişafı strategiyası ilə bağlı layihələri maliyyələşdirir. 2018-ci ilin rəqəmlərinə əsasən, bankın aktivlərinin ümumi məbləği təxminən 2,32 trilyon dollara çatıb.
Bankın Çinin materik hissəsindəki 41 filialından başqa, Honkonq xüsusi inzibati bölgəsində, London, Qahirə, Moskva, Rio-de-Janeyro, Astana, Minsk, Karakas, Cakarta və Sidneydə nümayəndəlikləri fəaliyyət göstərir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin