SİYASƏT


Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb

Pekin, 28 fevral, AZƏRTAC

Çinin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası və digər media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer veriblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin bəzi ölkələrin qeyri-səmimi davranışlarının COVID-19 virusuna qarşı peyvəndlərin dünyada ədalətsiz bölgüsünə gətirib çıxarması, COVAX təşəbbüsü üzrə vaksin paylanmasındakı gecikmələr, istehsalçı və distribüter şirkətlərin sifarişçilər qarşısındakı öhdəliklərini yerinə yetirməməsi barədə dediyi sözlər Çin KİV-lərinin xəbərlərində əksini tapıb.

Çin mediası dövlətimizin başçısının bu bəlaya qarşı birgə mübarizə barədə həmrəylik bəyanatlarına baxmayaraq, praktikada tamamilə əks vəziyyət göründüyü, bəzi ölkələrin onlara lazım olandan 3-4 dəfə çox vaksin alması fikrini vurğulayaraq, digərlərinin vaksinsiz qala biləcəyini yazır.

“Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının vaksinlərin bölgüsü üzrə COVAX təşəbbüsünə lap əvvəldən qoşulub. Bu təşəbbüs üzrə Azərbaycanın almalı olduğu “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndləri hələ də ölkəyə daxil olmayıb”, - deyə Çin mediası yazır.

Çin KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərinə də yer veriblər.

Qeyd olunub ki, Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya yanvarın 18-də başlayıb. Vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.