SİYASƏT
Çin KİV-ləri Ermənistanın Gəncəyə raket hücumu barədə xəbərlər yayıb
Pekin, 17 oktyabr, AZƏRTAC
Çinin kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələrini raket atəşinə tutması barədə Çin, ingilis, rus dillərində xəbərlər yayıb.
AZƏRTAC xəbər verir ki, ölkənin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası, “Çin gəncləri” qəzeti, digər xəbər portalları və elektron nəşrlərin təqdim etdiyi xəbərlərdə raket hücumu nəticəsində ölən və yaralananların olduğu, mülki binaların dağıldığı qeyd olunub. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasına istinadla bildirilib ki, Ermənistan Gəncə ilə yanaşı, Azərbaycanın digər məntəqələrinə də atəş açılıb. Bildirilib ki, iri su anbarının və elektrik stansiyasının olduğu Mingəçevirə hədəflənən raketlər məhv edilib.
AZƏRTAC-ın hadisə ilə əlaqədar xəbərlərindən istifadə edən Çin KİV-ləri qeyd edir ki, sakinlərin çoxu yuxuda olarkən Gəncə şəhəri atəşə tutulub. Hadisə şahidlərinin ölən və yaralılar haqqında dedikləri fikirlər də xəbərlərdə əksini tapıb. Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini “SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketləri ilə hədəfə aldıqları qeyd olunub.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına istinad edən Çin KİV-ləri yazır ki, sentyabrın 27-dən başlayan toqquşmalar nəticəsində Azərbaycanın 60 mülki vətəndaşı ölüb, 270 sakin isə xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb. Bundan başqa, Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistanın oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumu barədə məlumatından da istifadə olunub.
Xəbərlərdə münaqişənin tarixi barədə məlumat verilib. Qeyd olunub ki, Dağlıq Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ötən əsrin 90-cı illərində bölgədə Ermənistan ilə Azərbaycan arasında müharibə olub. Sentyabrın 27-dən başlayan hərbi toqquşmalar isə 1994-cü ildə atəşkəsin elan olunmasından sonra cəbhə xəttində baş verən ağır döyüşlərdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin