SİYASƏT


Çin KİV-ləri Ermənistanın cəbhədəki təxribatı barədə xəbərlər yayıb

Pekin, 28 sentyabr, AZƏRTAC

Çinin nüfuzlu kütləvi informasiya vasitələri Ermənistan Respublikası silahlı qüvvələrinin təmas xəttində atəşkəs rejimini kobud şəkildə pozaraq, növbəti dəfə təxribat törətməsi və Azərbaycan Ordusunun cavab tədbirləri həyata keçirməsini diqqətdə saxlayıb.

AZƏRTAC xəbər verir ki, milli xəbər agentliyi Sinxua, rəsmi "Jenmin Jibao" qəzeti, nüfuzlu “China Daily” qəzeti və digər KİV-lər Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycanın Müdafiə Nazirliyinin mövzu ilə bağlı açıqlamalarına geniş yer veriblər.

Çin KİV-ləri AZƏRTAC-ın hadisələr barədə xəbərlərinə istinadla yazır ki, Azərbaycanın əks-həmlə tədbirləri zamanı Ermənistanın 12 ədəd zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.

Çin mətbuatının mövzu ilə bağlı xəbərlərində Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması barədə məlumat verilib, BMT-nin Baş katibi Antonio Quterreşin müvafiq açıqlaması, Rusiya Xarici İşlər nazirinin Azərbaycan, Ermənistan və Türkiyə xarici siyasət idarələri rəhbərləri ilə telefon danışığına da toxunulub.

Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verən Çin KİV-ləri qeyd edir ki, keçmiş Sovet İttifaqı dağıldığı dövrdə müharibə başlayıb və Ermənistan Azərbaycana məxsus ərazinin bir hissəsini işğal edib. 1994-cü ildə atəşkəs barədə razılıq əldə olunsa da, təmas xəttində mütəmadi toqquşmalar qeydə alınır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.