DÜNYA
Çin KXDR və ABŞ liderlərinin növbəti görüşünü tam dəstəkləyir
Pekin, 10 yanvar, AZƏRTAC
Çin Xalq Respublikasının sədri Si Cinpin yanvarın 7-dən 10-dək ölkəsində rəsmi səfərdə olan Koreya Əmək Partiyasının sədri, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In ilə görüşərək ikitərəfli və regional məsələləri müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Çin rəsmi mənbələrinin yaydığı məlumata görə, liderlərin hər iki tərəfi maraqlandıran məsələlərə dair fikir mübadiləsi apardıqları görüş vacib razılaşmaların əldə olunması ilə nəticələnib. Bundan başqa, iki ölkə arasında münasibətlərin inkişafının davamından ötrü birgə səylərin göstərilməsi, bölgədə və dünyada sülhə, sabitliyə, tərəqqi və inkişafa töhfələr vermək üçün Koreya yarımadasındakı vəziyyətin siyasi həll prosesinin davamlı olaraq irəli aparılmasına dair razılığa gəliblər.
Yonhap agentliyi yazır ki, KXDR lideri görüşdə ölkəsinin nüvə proqramının ləğv edilməsinə dair mövqeyini bir daha bəyan edərək, ABŞ Prezidenti Donald Tramp ilə nəzərdə tutulan növbəti görüşündə yaxşı nəticələr əldə olunmasına səy göstərəcəyini deyib.
Sədr Si Cinpin öz növbəsində KXDR və ABŞ liderlərinin növbəti görüşünü tam dəstəklədiyini və ölkəsinin bu prosesdə konstruktiv rol oynamağa hazır olduğunu bildirib.
Yonhap KXDR-in Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla yazıb ki, ÇXR sədri Si Cinpin Kim Çen Inın Şimali Koreyaya dəvətini qəbul edib.
Qeyd edək ki, KXDR lideri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti əsasında yanvarın 7-dən 10-dək Çində səfərdə olub. KXDR lideri ölkəsinə məxsus xüsusi qatarla Çinə səfər edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin