DÜNYA


Çin Müdafiə Nazirliyi: Çin hərbçiləri sözünün üstündə durur VİDEO

Pekin, 4 avqust, AZƏRTAC

Çin hərbçiləri sözünün üstündə durur. Tayvan adası ətrafında birgə hərbi tapşırıqlar və təlim fəaliyyəti ABŞ ilə Tayvan arasında anlaşmaya qarşı ciddi çəkindirici amildir.

AZƏRTAC xəbər verir ki, bu açıqlamanı Çin Milli Müdafiə Nazirliyinin rəsmisi Tan Kefey Çin Xalq Azadlıq Ordusunun Tayvan adası ətrafında başlayan irimiqyaslı hərbi təlimləri şərh edərkən deyib.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan adasına səfərinin Tayvan boğazında sülhə və sabitliyə təhdid yaratdığını vurğulayan Çin Milli Müdafiə Nazirliyinin rəsmisi əlavə edib ki, Çin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə edəcək, “Tayvanın müstəqilliyi” fəaliyyətinə və xarici müdaxiləyə imkan verməyəcək.

Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosi avqustun 2-3-də Tayvan adasında səfərdə olub. Çin Xalq Azadlıq Ordusu (ÇXAO) bundan bir neçə dəqiqə sonra Tayvan adası ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayacağını açıqlayıb. Təlimlərə adanın şimal, cənub-qərb və cənub-şərqində dənizdə və havada müxtəlif döyüş və atəş tapşırıqları, uzunməsafəli real atışlar, o cümlədən raket atışları sınaqları daxildir.

ÇXAO-nun şərq komandanlığını açıqlamasında deyilir ki, avqustun 4-də Tayvan boğazının şərq hissəsində bəzi ərazilərə uzaqməsafəli artilleriya və adi döyüş başlıqlı ballistik raket zərbələri endirilib. Komandanlıq raket təlimlərinin başa çatdığını, qarşıya qoyulan məqsədlərə nail olunduğunu, təlim keçirilən suların və hava məkanının mülki məqsədlər üçün istifadəyə açıldığını bildirib.

Avqustun 7-dək davam edəcək hərbi əməliyyatlara hərbi dəniz qüvvələri, hərbi hava qüvvələri, raket qüvvələri, strateji və logistik dəstək qüvvələri, habelə “J-20” və “J-11” qırıcıları, “H-6K” bombardmançıları, “052D” reaktıv qırıcıları, “Dongfeng-11” qısamənzilli ballistik raketlər və “Dongfeng-17” hipersəsli raketlər də cəlb olunub. Təlimlərin gedişində adi döyüş başlıqlı raketlərin Tayvan adasının üzərindən uçması, qoşun birləşmələrinin Tayvan adasının 12 dəniz milli məsafədəki sahil sularına daxil olması, ümumiyyətlə, adanın ÇXAO tərəfindən əhatəyə alınması, bununla rəsmi Pekinin Tayvan məsələsini tam nəzarət altına almasını nümayiş etdirəcəyi nəzərdə tutulub.

ÇXAO-nun Milli Müdafiə Universitetinin professor Men Siançin Çin Mərkəzi Televiziyasına müsahibəsində bildirib ki, budəfəki hərbi təlimlər əhatə etdiyi əraziyə, cəlb olunan qoşun növlərinə və hərbi texnikaya, habelə Tayvan adasına yaxınlığına görə əvvəlkilərdən fərqlənir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.