ELM VƏ TƏHSİL
Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru: Azərbaycanla əməkdaşlıq səmərəli olacaq
Bakı, 4 avqust, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA-nın işlər idarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayevlə görüşüblər.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik İbrahim Quliyev Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafına dövlət qayğısından danışıb. Qeyd edib ki, 2016-cı ildə Prezidenti İlham Əliyevin Sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması da bunun bariz nümunəsidir.
AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayev qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqinin vacibliyini qeyd edib. O, investisiyayönümlü innovativ sahələrdə dövlət dəstəyinin gücləndiyini və bunun müsbət nəticələr verdiyini vurğulayıb.
Görüşdə yüksək texnologiyalar sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışılıb.
Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Çjan Jençjuna Azərbaycanla əməkdaşlığın səmərəli olacağına əmin olduğunu söyləyib. O, Çin-Rusiya İnnovasiya Texnoparkı ilə AMEA Yüksək Texnologiyalar Parkının birgə fəaliyyətinin hər iki tərəf üçün uğurlu olacağını qeyd edib.