DÜNYA
“Çin Şərq Hava Yolları” C919 sərnişin təyyarəsinin ilk istismarçısı olacaqVİDEO
Pekin, 28 oktyabr, AZƏRTAC
“Çin Şərq Hava Yolları” şirkəti yerli istehsal olan dar füzelyaja malik C919 sərnişin təyyarəsinin ilk istismarçısı olacaq.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, Çin Mülki Aviasiya Korporasiyasının (COMAC) istehsal etdiyi C919 sərnişin təyyarələrinin ilk partiyası dekabrda sifarişçiyə təqdim olunacaq. “Çin Şərq Hava Yolları” şirkəti C919 təyyarəsini ilkin mərhələdə daxili uçuşlarda istifadə edəcək.
Qeyd edək ki, sentyabrda Çinin səlahiyyətli qurumu C919 təyyarələrinə uçuş sertifikatı verib. C919 Çinin milli təyyarə istehsalı sahəsində uzun illər apardığı işin nəticəsidir.
Qeyd edək ki, “C919” tipli ilk sərnişin təyyarəsinin istehsalı 2015-ci ilin noyabrında yekunlaşıb. Standart uçuş məsafəsi 5500 kilometr olan “C919” “Airbus A320” təyyarəsinin modifikasiya edilmiş versiyası və “Boeing-737” təyyarəsinin yeni nəsli ilə müqayisə olunur. Uzunluğu 39 metr, qanad uzunluğu 36 metr olan ikimühərrikli təyyarə göyərtəsində 192 sərnişin daşıya biləcək. Yerli KİV-lərin məlumatına əsasən, yeni avialayner təxminən 50 milyon ABŞ dollarına başa gəlir ki, bu da “Boeing-737” və “Airbus A320” təyyarələrinin qiymətindən iki dəfə ucuzdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin