DÜNYA
Çin XİN: ABŞ-ın Qüds hərəkəti gərginliyi artıra bilər
Pekin, 6 dekabr, AZƏRTAC
Çin ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasının bölgədə vəziyyəti daha gəriginləşdirə biləcəyinə dair xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Qen Şuan ölkəsinin hadisələrin inkişafını diqqətdə saxladığını, bölgədə gərginliyin mümkün artımından narahatlığını dilə gətirib. “Bütün tərəflər bölgədə sülhü və əmin-amanlığı nəzərə almalı, sözlərində və əməllərində ehtiyatlı olmalı, Fələstin məsələsinin tənzimlənməsinin əsaslarını pozmaqdan və bölgədə yeni qarşıdurmalara səbəb olmaqdan çəkinməlidirlər”, - deyə Qen Şuan bildirib.
Çin XİN rəsmisi əlavə edib ki, ölkəsi Yaxın Şərdə sülh prosesini, Fələstin xalqının qanuni hüquqlarının və maraqlarının bərpası uğrunda ədalətli işini, 1967-ci il sərhədləri çərçivəsində Şərqi Qüds paytaxt olmaqla tam suveren və müstəqil Fələstin dövlətinin yaranmasını dəstəkləyir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin