DÜNYA


Çin ali qanunverici orqanının illik sessiyası başlayıbVİDEO

Pekin, 5 mart, AZƏRTAC

Çinin paytaxtı Pekində ölkənin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak ediblər.

Sonra Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan hökumətin hesabatını təqdim edib.

Martın 11-dək davam edəcək 13-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının dördüncü sessiyasında ölkə həyatının müxtəlif sahələrinə aid məsələlərlə bağlı müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq. Sessiyanın gedişində hökumətin hesabatı müzakirə olunacaq, ötən il üçün milli iqtisadi və sosial inkişaf planının nəticələri, büdcənin icrası müzakirə olunacaq, cari il üçün plan və büdcə təsdiqlənəcək. Bundan əlavə, Yığıncağın Daimi Komitəsinin, Ali Xalq Məhkəməsinin, Ali Xalq Prokurorluğunun hesabatları dinləniləcək, digər ölkə əhəmiyyətli məsələlərə baxılacaq.

Qeyd edək ki, Çin Xalq Nümayəndələri Yığıncağı Çində dövlət hakimiyyətinin ali orqanıdır, dövlətin qanunverici funksiyalarını həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. Yığıncaq Çin Xalq Respublikasının Sədrini və onun müavinlərini seçir, Dövlət Şurasının (Nazirlər Kabineti) sədrini və Şuranın digər üzvlərini təsdiq edir, Mərkəzi Hərbi Şuranın, Ali Xalq Məhkəməsinin sədrlərini və Ali Xalq Prokurorluğunun baş prokurorunu seçir.

Çin Xalq Nümayəndələri Yığıncağının hər çağırışının səlahiyyət müddəti 5 ildir, onun sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalar arasında olan müddət ərzində Yığıncağın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.

Yığıncağın ildə bir dəfə keçirilən sessiyası adətən martın əvvəlində baş tutur. Amma COVID-19 böhranı ilə əlaqədar ötənilki sessiya mayda keçirilmişdi.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.