DÜNYA
Çin ali qanunverici orqanının illik sessiyası başlayıb VİDEO
Pekin, 5 mart, AZƏRTAC
Çinin paytaxtı Pekində ölkənin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak ediblər.
Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan hökumətin hesabatını təqdim edib.
Martın 11-dək davam edəcək 13-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 5-ci sessiyasında ölkə həyatının müxtəlif sahələrinə aid məsələlərlə bağlı müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq. Sessiyanın gedişində hökumətin hesabatı müzakirə olunacaq, ötən il üçün milli iqtisadi və sosial inkişaf planının nəticələri, büdcənin icrası müzakirə olunacaq, cari il üçün plan və büdcə təsdiqlənəcək. Bundan əlavə, Yığıncağın Daimi Komitəsinin, Ali Xalq Məhkəməsinin, Ali Xalq Prokurorluğunun hesabatları dinləniləcək, ölkə əhəmiyyətli digər məsələlərə baxılacaq.
Bundan başqa, gündəliyə yerli xalq yığıncaqları və xalq hökumətləri haqqında Əsas Qanuna düzəliş layihəsinin, Çin Xalq Nümayəndələri Yığıncağının növbəti sessiyasına deputatlarının sayı və onların seçilməsi barədə qərar layihəsinin, Honkonq və Makao xüsusi inzibati ərazilərindən Çin Xalq Nümayəndələri Yığıncağına deputatların seçilməsi qaydaları layihəsinin müzakirəsi də daxildir.
Qeyd edək ki, Çin Xalq Nümayəndələri Yığıncağı Çində dövlət hakimiyyətinin ali orqanıdır, dövlətin qanunverici funksiyalarını həyata keçirir, ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir. Yığıncaq Çin Xalq Respublikasının Sədrini və onun müavinlərini seçir, Dövlət Şurasının (Nazirlər Kabineti) sədrini və Şuranın digər üzvlərini təsdiq edir, Mərkəzi Hərbi Şuranın, Ali Xalq Məhkəməsinin sədrlərini və Ali Xalq Prokurorluğunun baş prokurorunu seçir.
Çin Xalq Nümayəndələri Yığıncağının hər çağırışının səlahiyyət müddəti 5 ildir, onun sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalar arasında olan müddət ərzində Yığıncağın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.
Yığıncağın ildə bir dəfə keçirilən sessiyası adətən martın əvvəlində baş tutur. Amma COVID-19 böhranı ilə əlaqədar 2020-ci ildəki sessiya mayda keçirilmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin