ELM VƏ TƏHSİL
Çin alimləri Azərbaycan iqtisadçılarının tədqiqatlarına böyük maraq göstərirlər
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda keçirilən tədbirdə “İS(S)İ – 2015: Dövlətin iqtisadiyyata müdaxiləsi – ölçülmə metodologiyası və alınmış nəticələr” mövzusunda mühazirə oxuyub.
AMEA-nın İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, dövlətin iqtisadiyyata müdaxilə səviyyəsinin dəyərləndirilməsi sahəsində bu elm müəssisəsində son illərdə aparılan müqayisəli araşdırmalar beynəlxalq ekspert icmasının diqqətini cəlb edir. Son tədqiqat 62 ölkə üzrə aparılıb.
Tədbirdə Azərbaycan iqtisadçılarının əldə etdikləri nəticələr böyük maraqla qarşılanıb. 2017-ci ildə bir qrup çinli mütəxəssisin Bakıya səfəri və AMEA-nın İqtisadiyyat İnstitutunun tədqiqatları ilə tanışlığı planlaşdırılır.