Çin hökuməti Sincan Uyğur Muxtar Rayonunda 170 min sakini yeni evlərə köçürüb
AzerTAg.az
Pekin, 10 dekabr, AZƏRTAC
Çin hökuməti son 4 ildə Sincan Uyğur Muxtar Rayonunda dağ, yayla və səhra sahələrində çətin şəraitdə yaşayan 170 min yoxsul sakini oazis və düzən ərazilərdə salınan yeni yaşayış məntəqələrinə köçürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə muxtar rayonun hökuməti məlumat yayıb. Dörd il əvvəl yerli hökumət yuxarıda qeyd olunan ərazilərdən 170 minə yaxın sakinin 2016-2020-ci illərdə cədvəl üzrə köçürülməsi ilə bağlı plan qəbul etmişdi. Artıq 40 mindən çox evdə yaşayan sakinin yeni yaşayış məntəqələrinə köçürülməsi hədəfi dekabrın əvvəlində tam yerinə yetirilib.
İçməli su, elektrik enerjisi, təbii qaz ilə təchiz edilən yaşayış məntəqələrində uşaq bağçaları, ibtidai məktəblər, tibb məntəqələri və s. inşa olunub. Hökumət həmin məntəqələrdə yaşayanların məşğulluğunun təmin edilməsi üçün müxtəlif şirkətlərin orada istehsal sahələri açmasını, habelə sakinlərin öz bizneslərini qurmalarını təşviq edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Xəbərin mətnində orfoqrafik səhv var