İQTİSADİYYAT


Çin idxal sərgisində 72,6 milyard dollarlıq sövdələşmələr əldə edilib

Şanxay, 11 noyabr, AZƏRTAC

Noyabrın 5-10-da Şanxayda Azərbaycanın da iştirakı ilə keçirilmiş 3-cü Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində ümumilikdə 72,62 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu göstərici ötənilki sərgidə əldə olunan nəticə ilə müqayisədə 2,1 faiz çoxdur. Təşkilat komitəsi pandemiya dövrünə təsadüf edən builki sərgidə əldə olunan nəticədən razıdır.

ÇXR-in Sədri Si Cinpinin himayəsi ilə keçirilən sərgi idxal məhsullarının və xidmətlərinin Çin bazarına daxil olmasını təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Şanxay sərgisi dünyada ölkə səviyyəsində keçirilən ilk böyük idxal sərgisidir.

Qeyd edək ki, Azərbaycan bu il Çin Beynəlxalq İdxal Sərgisində vahid ölkə pavilyonu ilə təmsil olunan azsaylı dövlətlərdən biri olub. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə 20-dən çox şirkətə aid nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distillatları, mineral sular, qənnadı məmulatlar, un məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və sair məhsullar sərgidə təqdim edilib. Azərbaycan məhsullarına əsasən idxalçılardan ibarət sərgi ziyarətçilərinin marağı böyük olub.

Xüsusi qeyd olunmalıdır ki, pandemiya səbəbindən bu il sərgidə daha az ölkə milli pavilyonu ilə təmsil edilib. MDB məkanından ən böyük ölkə pavilyonu isə Azərbaycana məxsus olub.

Sərgi zamanı Azərbaycan məhsullarının Çinə ixracının artırılmasına dair müzakirələr aparılıb, potensial idxalçılarla görüşlər keçirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Şanxay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.