SİYASƏT


Çin mediası azərbaycanlı jurnalistlərin mina partlaması nəticəsində həlak olmaları barədə xəbərlər yayıb

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Sirac Abışov da daxil olmaqla 3 nəfərin həlak olması ilə nəticələnən mina partlaması hadisəsi Çinin kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Çinin rəsmi xəbər agentliyi Sinxuanın hadisə haqqında xəbərində Azərbaycanın Qarabağ bölgəsinin qərbindəki Kəlbəcər rayonunda tank əleyhinə minanın partlaması nəticəsində ölənlər və yaralananlar olduğu bildirilib. Qeyd olunub ki, hadisə Ermənistanla 6 həftə davam edən və ötən ilin noyabrında başa çatan müharibədən sonra Azərbaycana qaytarılan rayonun Susuzluq kəndində baş verib.

Agentlik Azərbaycanın Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun birgə məlumatına istinad edərək, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun, habelə yerli səlahiyyətli şəxs Arif Əliyevin partlayış nəticəsində həlak olduğunu, 4 nəfərin isə yaralandığını qeyd edib. Bildirilib ki, səlahiyyətli qurumlar hadisə ilə əlaqədar cinayət işi açıblar.

Sinxua agentliyinin həmin xəbərini çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti, Çin Dövlət Şurasının (Nazirlər Kabineti) İnformasiya İdarəsinin tabeliyində olan “china.org.cn” onlayn nəşri də yayıb. Bundan başqa, bir neçə digər xəbər portalları da hadisə barədə informasiyalar təqdim ediblər.

Qeyd edək ki, AZƏRTAC iyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan jurnalistlərinin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olması və yaralanması ilə əlaqədar üzvü olduğu beynəlxalq media təşkilatlarına - Dünya Xəbər Agentlikləri Konqresinin (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA), İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinin (UNA), Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Ərəb Ölkələri Xəbər Agentlikləri Təşkilatının (FANİA), bu təşkilatlara üzv olan agentliklərin və digər beynəlxalq media qurumlarının rəhbərlərinə müraciət edib. AZƏRTAC dünya mediasının, beynəlxalq və regional jurnalist təşkilatlarının rəhbərlərini Ermənistanın davam etməkdə olan təxribatçı hərəkətlərini qətiyyətlə pisləməyə, etiraz səslərini ucaltmağa çağırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.