DÜNYA


Çin növbəti kosmik missiyasını orbitə göndərəcək VİDEO

Pekin, 14 oktyabr, AZƏRTAC

Çinin kosmik stansiyasının quraşdırılması üçün növbəti missiya olan “Şencou-13” (Shenzhou-13) kosmik gəmisinin orbitə çıxarılma vaxtı və missiyada iştirak edəcək kosmonavtlar məlum olub.

AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, kosmonavtlar Cay Ciqan (heyətin kapitanı, general-mayor), Van Yapin (polkovnik) və Ye Quanfu (polkovnik) “Şencou-13” missiyasında iştirak edəcəklər. Kosmik gəmini orbitə aparacaq raketdaşıyıcının buraxılışı yerli vaxtla oktyabrın 16-da saat 00:23-də Qobi səhrasındakı Ciuçüən kosmodromunda baş tutacaq. Kosmik gəmini orbitə “Böyük yürüş-2F” raketi aparacaq. Artıq maye yanacağın raketin çənlərinə doldurulmasına başlanılıb.

General-mayor Cay Ciqan açıq kosmosa çıxmış ilk Çin kosmonavtıdır. O, 2008-ci ildə “Şencou-7” missiyasının da heyət kapitanı olub. Polkovnik Van Yapin Çinin kosmosa uçan ikinci qadın kosmonavtı, kosmik stansiyada çalışan ilk qadın kosmonavtı olacaq. O, 2013-cü ildə “Şencou-10” kosmik missiyasında da iştirak edib. Polkovnik Ye Quanfu isə ilk dəfə kosmosa uçacaq. Bu, Çinin orbitə göndərdiyi 8-ci insan missiyası, ölkənin kosmik stansiyasının quraşdırılması üçün isə ikinci insan missiyasıdır. Kosmonavtların kosmosda təxminən 6 ay qalması nəzərdə tutulur. Onlar kosmosda ən uzun müddət qalan Çin kosmonavtları olacaq.

Kosmik gəmi orbitə daxil olduqdan sonra kosmik stansiyanın “Tianhe” adlı əsas modulu ilə birləşəcək və kosmonavtlar modula keçəcəklər. Onlar kosmik stansiyada kosmonavtların fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri yerinə yetirəcəklər. Kosmonavtların açıq kosmosda 2-3 əməliyyat icra edəcəkləri planlaşdırılıb.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi, heyətin yaşayış yeri və 2 laboratoriya kapsullarından ibarət olacaq. Ümumi çəkisi 70 ton təşkil edəcək və quraşdırılması gələn ilin sonunda başa çatacaq stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların üçündə stansiyanın modullarının, dördündə yük gəmilərinin, digər dördündə isə kosmonavtların uçuşu nəzərdə tutulub.

Stansiyasının quraşdırılması üçün ilk insan missiyası (“Şencou-12”) iyunun 17-də kosmosa göndərilmiş və 3 aylıq fəaliyyətdən sonra Yerə qayıtmışdılar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.