DÜNYA
Çin növbəti kosmik missiyasını orbitə göndərib VİDEO
Pekin, 16 oktyabr, AZƏRTAC
Çinin kosmik stansiyasının quraşdırılması üçün növbəti missiya olan “Şencou-13” (Shenzhou-13) orbitə çıxarılıb.
AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, kosmik gəmini orbitə aparan “Böyük yürüş-2F” raketdaşıyıcısının buraxılışı yerli vaxtla oktyabrın 16-da gecə saatlarında Qobi səhrasındakı Ciuçüən kosmodromunda baş tutub.
“Şencou-13” gəmisində kosmonavtlar Cay Ciqan (heyətin kapitanı, general-mayor), Van Yapin (polkovnik) və Ye Quanfu (polkovnik) orbitə göndərilib. Artıq kosmik gəmi stansiya ilə birləşib və kosmonavtların stansiyaya keçidi başlayıb. Onlar kosmik stansiyada kosmonavtların fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri yerinə yetirəcəklər. Kosmonavtların açıq kosmosda 2-3 əməliyyat icra edəcəkləri planlaşdırılıb.
Bu, Çinin orbitə göndərdiyi 8-ci insan missiyası, ölkənin kosmik stansiyasının quraşdırılması üçün isə ikinci insan missiyasıdır. Kosmonavtların kosmosda təxminən 6 ay qalması nəzərdə tutulur. Onlar kosmosda ən uzun müddət qalan Çin kosmonavtları olacaq.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi, heyətin yaşayış yeri və 2 laboratoriya kapsullarından ibarət olacaq. Ümumi çəkisi 70 ton təşkil edəcək və quraşdırılması gələn ilin sonunda başa çatacaq stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların üçündə stansiyanın modullarının, dördündə yük gəmilərinin, digər dördündə isə kosmonavtların uçuşu nəzərdə tutulub.
Stansiyasının quraşdırılması üçün ilk insan missiyası (“Şencou-12”) iyunun 17-də kosmosa göndərilib və 3 aylıq fəaliyyətdən sonra Yerə qayıdıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin