DÜNYA
Çin növbəti kosmonavt qrupunu orbitə göndərib VİDEO
Pekin, 5 iyun, AZƏRTAC
Çinin kosmik stansiyasının quraşdırılması üçün növbəti missiya olan “Şencou-14”ə (“Shenzhou-14”) start verilib.
AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, kosmik gəmini orbitə aparan “Böyük yürüş-2F” (Long March-2F) raketdaşıyıcısının buraxılışı yerli vaxtla iyunun 5-də saat 10:44-də Qobi səhrasındakı Ciuçüən kosmodromunda baş tutub. “Şencou-14” gəmisində kosmonavtlar Çen Don (heyətin komandiri), Lyu Yan və Çay Suce orbitə göndərilib. “Şencou-14” kosmik stansiya ilə birləşəndən sonra kosmonavtlar stansiyaya keçəcəklər. Onlar kosmik stansiyada kosmonavtların fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri yerinə yetirəcəklər. Kosmonavtların açıq kosmosda bir neçə əməliyyat icra edəcəkləri planlaşdırılıb.
Bu, Çinin orbitə göndərdiyi 9-cu, ölkənin kosmik stansiyasının quraşdırılması üçün isə 3-cü insan missiyasıdır. Kosmonavtların “Şencou-13” missiyasındakı həmkarları kimi kosmosda təxminən 6 ay qalması nəzərdə tutulur.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi, heyətin yaşayış yeri və iki laboratoriya kapsullarından ibarət olacaq. Ümumi çəkisi 70 ton təşkil edəcək və quraşdırılması cari ilin sonunda başa çatacaq stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların üçündə stansiyanın modullarının, dördündə yük gəmilərinin, digər dördündə isə kosmonavtların uçuşu nəzərdə tutulub.
Stansiyasının quraşdırılması üçün ilk insan missiyası (“Şencou-12”) 2021-ci ilin iyununda kosmosa göndərilib və 3 aylıq fəaliyyətdən sonra Yerə qayıdıblar. İkinci missiya (“Şencou-13”) ötən ilin oktyabrında orbitə göndərilib və kosmonavtlar 6 ay kosmik stansiyada çalışdıqdan sonra cari ilin aprelində geri dönüblər. “Şencou-13”ün heyəti kosmosda ən uzun müddət qalan Çin kosmonavtları olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin