DÜNYA


Çin özünün kosmos stansiyası üçün əsas modulu orbitə çıxarıb VİDEO

Pekin, 29 aprel, AZƏRTAC

Çinin kosmos proqramının vacib mərhələsi olan kosmos stansiyasının quraşdırılması üçün əsas modul orbitə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, “Tianhe” (“Səma harmoniyası”) adlı modulu orbitə çıxaran “Böyük yürüş-5BY2” (“Long March-5B Y2”) raketdaşıyıcısının buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxtla saat 11:20-də (Bakı vaxtı ilə 7:20) baş tutub. Raketin buraxılışını Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan da daxil olmaqla, bir neçə rəsmi şəxs Pekindəki məntəqədən izləyib. Modul planlaşdırılan orbitə daxil olub.

Çin Kosmik Texnologiyalar Akademiyasının məlumatına əsasən, uzunluğu 16,6 metr, ən iri hissəsinin diametri 4,2 metr, çəkisi 22,5 ton olan “Tianhe” Çinin ən iri kosmik gəmisidir. Modul kosmik stansiyanın idarəetmə mərkəzi və heyətin əsas yaşayış yeri kimi nəzərdə tutulub. Üç heyət üzvü üçün nəzərdə tutulan modulun yaşayış sahəsinin həcmi 50 kubmetrdir. Modula hər 2 tərəfdən laboratoriya kapsulları əlavə ediləcək və stansiyanın ümumi çəkisi 70 tona çatacaq.

Bildirilir ki, quraşdırılması gələn il başa çatacaq kosmik stansiyanın aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə 10-15 il fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, modulu orbitə aparan “Böyük yürüş-5BY2” Çinin ən iri raketdaşıyıcısının 2-ci buraxılışıdır. “Böyük yürüş-5B” seriyasından ilk raketin buraxılışı ötən ilin mayında sınaq məqsədi ilə baş tutub. Həmin uğurlu uçuş kosmik stansiyanın quraşdırılmasını hədəfləyən Çinin kosmos proqramının 3-cü mərhələsinin başlanğıcı hesab olunur. “Böyük yürüş-5B” Çinin kosmosda stansiya yaratmaq proqramının əsas hissəsidir. Çünki Çinin təkcə bu tip raketdaşıyıcısı kosmik stansiyanın hissələrini orbitə aparmaq gücünə malikdir. Uzunluğu 53,7, diametri 5 metrə çatan raket maye oksigen, maye hidrogen və kerosin yanacağından istifadə etməklə 25 ton yükü aşağı Yer orbitinə qaldırmaq gücündədir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.