DÜNYA
Çin polisi sosial şəbəkələrdə fırıldaqçılıqla məşğul olan 65 nəfəri həbs edib
Bakı, 17 aprel, AZƏRTAC
Çinin şimalındakı Guiyuan şəhərinin xalq məhkəməsi sosial şəbəkələrdə və tanışlıq saytlarında fırıldaqçılıqla məşğul olan 65 nəfəri 14 ilədək həbs cəzasına məhkum edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, fırıldaqçıların qurbanları əsasən sosial şəbəkələrdən və tanışlıq saytlarından istifadə edən kişilər olublar. Fırıldaqçılar özlərini qadın kimi tanıdıb, qurbanlarına saxta qatar və ya təyyarə biletləri aldırıb, yaxud da maddi yardım istəyiblər.
Ötən ilin yanvarından dekabrınadək bir qrup fırıldaqçı 130-dan çox adamı aldatmaqla 9,2 milyon yuan (təxminən 1,4 milyon dollar) əldə edib.