İQTİSADİYYAT
Çin şirkəti Azərbaycanda ipəkqurdunun yem bazasının bərpası məqsədilə elan olunmuş açıq tenderə qatılıb
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də kənd təsərrüfatı naziri Heydər Əsədovun Çin Xalq Respublikasının baramaçılıqla məşğul olan qabaqcıl şirkəti “Shandong Guangtong Silkworm”un rəhbərliyi ilə görüşündə Azərbaycanda müasir texnologiyalar əsasında tut tingləri, eləcə də tut ipəkqurdu toxumlarının istehsalının təşkili üzrə birgə əməkdaşlıq imkanları müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin rəhbəri Fanq Deuen istehsal fəaliyyətləri barədə geniş təqdimatla çıxış edib. O, “Shandong Guangtong Silkworm” şirkətinin baramaçılıq rayonlarında ipəkqurdunun yem bazasının bərpası və kümçülərin yüksək keyfiyyətli tut (çəkil) tingləri ilə təchiz edilməsinin yaxşılaşdırılması məqsədilə iyulun 15-də elan olunmuş açıq tenderə qatıldığını deyib.
Nazir Heydər Əsədov yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə ixracyönümlü sahələrin, o cümlədən Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu sahələrindən olan ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələr barədə qonaqları məlumatlandırıb.
H.Əsədov Prezident İlham Əliyevin Azərbaycanda ipəkçiliyin inkişafının yenidən vüsət alması ilə bağlı xüsusi tapşırıqları arasında ipəkçiliyin müasir infrastrukturunun yaradılması, o cümlədən də tut sahələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. Nazir çinli qonaqlara bu istiqamətdə indiyədək görülmüş işlər barədə məlumat verib.