DÜNYA
Çin superkompüterlərin sayına görə liderliyini qoruyur
Pekin, 20 iyun, AZƏRTAC
Çin superkompüterlərin sayına görə dünya üzrə liderliyini qoruyur.
AZƏRTAC xəbər verir ki, bu fakt Almaniyanın Frankfurt şəhərində superkompüterlərə həsr olunan illik beynəlxalq konfransda açıqlanan siyahıda (Top500) əksini tapıb. Siyahıya əsasən, dünyadakı 500 superkompüterin 219-u Çində istifadə olunur. Qeyd edək ki, Çin 2017-ci ilin noyabrından bəri siyahıya liderlik edir.
Siyahıda yer alan şirkətlərin sayına görə də Çin liderlik edir. Belə ki, "Lenovo", "Inspur" və "Sugon" dünyada ən çox superkompüter istehsal edən 3 şirkətdir.
Superkompüterlərin siyahısında ilk dördlük isə dəyişməyib. İlk iki yerdə ABŞ-a məxsus "Summit" və "Sierra", üçüncü və dördüncü yerdə isə Çinin "Sunway TaihuLight" və "Tianhe-2" superkompüterləri qərarlaşıb.
Dünyanın 500 superkompüteri siyahısına düşən cihazlar saniyədə 1 kvadrilyon əməliyyat məhsuldarlığına malikdirlər.
Qeyd edək ki, superkompüterlərin "Top500" siyahısı 1993-cü ildən bəri ildə iki dəfə tərtib olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin