CƏMİYYƏT


Çin təbabətində tətbiq olunan 50 vacib müalicəvi bitkidən biri

Bakı, 22 yanvar, AZƏRTAC

Rauvolfiya Şərqdə daha çox hind ilankökü kimi tanınan, Hindistandan Sumatraya qədər təbii yayılma arealı olan və əsrlərboyu təbabətdə müalicəvi məqsədlə istifadə edilən kol bitkisidir. Yabanı şəkildə Hindistan, Çin, İndoneziya və Şri-Lankada rütubətli meşə talalarında yayılıb. Onu Qafqaz ərazisində yetişdirmək cəhdləri uğursuzluqla nəticələnib. İlan və həşərat sancması zamanı zəhəri neytrallaşdırmaq üçün tətbiq olunduğuna görə Hindistanda kəndlilər həyətlərində bir-iki bitki kolu becərir.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, hələ eramizdan əvvəl 600-cü ildə yazılmış hind tibbi traktatında rauvolfiyanın adı çəkilir, həmçinin Çin təbabətində tətbiq olunan 50 vacib müalicəvi bitkidən biri hesab olunur. Bitkiyə “dəli kökü” adı verilmiş hindular onun paranoya, nevroz və digər halların müalicəsində təsirli olduğuna inanırdılar.

Dərman xammalı kimi rauvolfiyanın köklərindən istifadə olunur. Ondan hazırlanan bişirmə və ekstratlar sedativ və yuxugətirici kimi ürək-damar sistemi və mədə-bağırsaq xəstəliklərində, baş ağrılarında, həmçinin uşaq əzələsinin tonusunu artırmaq üçün tətbiq edilir.

Əsas təsiredici maddələr olan indol alkaloidləri kök kütləsinin 2 faizə qədərini təşkil edir. Tərkibində 50-yə yaxın alkaloid var. Rauvolfiyanın kökləri nişasta, qətran və sterollarla zəngindir. Müalicəvi təsiri əsasən rezerpinlə əlaqədardır. Rezerpin ürək yığılmalarının sayını azaldır, hipotenziv effekti gec meydana çıxsa da, uzun müddət davam edir, sinir sisteminə sedativ təsir göstərir və fizioloji yuxuyabənzər yuxululuq törədir. Orqanizmin temperaturunu aşağı salır, maddələr mübadiləsini ləngidir, tənəffüsü dərinləşdirir və göz bəbəklərinin daralmasına səbəb olur. Ofisinal təbabətdə rezerpinin tablet forması hipotenziv və sedativ vasitə kimi vegetativ nevrozlar və funksional ürək-damar xəstəliklərində tətbiq edilir. Köklərinin dəmləməsindən yuxugətirici kimi istifadə edilir.

20 qram rauvolfiya kökləri üzərinə 1 stəkan qaynar su tökülür. 2-3 dəqiqə qaynayandan sonra termosa tökülərək gecə səhərədək saxlanılır. Ertəsi gün tənzifdən süzülür və yeməkdən 15 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir. Müalicə proseduru 1 ay aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.