MƏDƏNİYYƏT
Çin televiziyası ilə Azərbaycanın “Space” telekanalı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb VİDEO
Bakı, 30 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
İyunun 30-da “Azərbaycan” kinoteatrında “Azərbaycanda Heyluntszyan televiziyası həftəsi – 2017”nin təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində “Space” Müstəqil Teleradio Şirkəti ilə Heyluntszyan televiziyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Heyluntszyan televiziyası, “Space” Müstəqil Teleradio Şirkəti və Avrasiya Televiziya və Radio Akademiyası arasında üçtərəfli memorandum da imzalanıb. Memorandumu “Space” telekanalının rəhbəri Vaqif Mustafayev, Heyluntszyan Teleradio Yayım Şirkətinin direktor müavini Çjao Xunyan və Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin imzalayıblar.
“Space” telekanalının rəhbəri, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidenti, Azərbaycanın Xalq Artisti Vaqif Mustafayev mərasimdə çıxış edərək Azərbaycanla Çin arasında əməkdaşlığı yüksək qiymətləndirib. O bildirib ki, bu layihə Azərbaycan gerçəkliklərini daha geniş coğrafi arealda daha geniş auditoriyaya çatdırmağa xidmət edəcək.
Tədbirdə Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, Çin Kommunist Partiyasının Heyluntszyan əyaləti üzrə partiya komitəsinin təbliğat və təşviqat şöbəsi rəisinin birinci müavini Yan Dyantszyun, Heyluntszyan Teleradio Yayım Şirkətinin direktor müavini Çjao Xunyan, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Li Tszinsun, tədbirin fəxri qonağı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış ediblər.
“Azərbaycanda Heyluntszyan televiziyası həftəsi – 2017”nin təntənəli açılış mərasimindən sonra “Sağlamlıq aləminə səyahət” adlı sənədli filmin təqdimatı olub.
Qeyd edək ki, iyunun 30-dan iyulun 4-dək davam edəcək “Azərbaycanda Heyluntszyan televiziyası həftəsi – 2017” çərçivəsində “Space” telekanalında Azərbaycan dilinə tərcümə olunmuş daha beş Çin filmi nümayiş etdiriləcək.