CƏMİYYƏT
Çin tərəfindən Azərbaycana təmənnasız verilən COVID-19 peyvəndinin təqdim edilməsinə dair təhvil-təslim Aktı imzalanıb VİDEO
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Səhiyyə Nazirliyində Çin Xalq Respublikası (ÇXR) tərəfindən Azərbaycan Respublikasına təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə peyvəndin təqdim edilməsi ilə bağlı təhvil-təslim Aktının imzalanma mərasimi keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə səhiyyə nazirinin müavini Viktor Qasımov, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.
Tədbiri açam səhiyyə nazirinin müavini Viktor Qasımov ölkəmizə gətirilən vaksinlərə görə Çin tərəfinin nümayəndələrinə minnətdarlığını bildirib. Çin Xalq Respublikasının etibarlı tərəfdaş olduğunu qeyd edən nazir müavini COVID-19 ilə mübarizə sahəsində əməkdaşlığın bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.
Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxışında ÇXR Hökumətinin COVID-19 infeksiyası əleyhinə 150 min doz peyvəndin Azərbaycana təmənnasız təqdim edilməsinə həsr olunmuş təhvil-təslim mərasiminin təşkilinə görə Azərbaycan tərəfinə səmimi təşəkkürünü ifadə edib.
Səfir epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda bir-birlərinə kömək göstərdiklərini, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb.
Səfir Qo Min Çinlə Azərbaycan arasında etibarlı dostluq və tərəfdaş münasibətlərin mövcud olduğunu, bu münasibətlərin daha da dərinləşdirilməsinə hazır olduqlarını qeyd edib.
XİN-in Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev çıxışında Çin Hökuməti tərəfindən COVID-19 infeksiyası əleyhinə peyvəndin təmənnasız olaraq Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü bildirib. O, Azərbaycan və Çin xalqlarının dostluq və əməkdaşlıq ənənələrinə sadiq qalaraq mövcud vəziyyətdə biri-birləri ilə həmrəylik nümayiş etdirdiyini məmnunluqla vurğulayıb.
Ramil Rzayev Azərbaycan ilə Çin arasında yüksəksəviyyəli münasibətlərin mövcud olduğunu və əməkdaşlığın bütün sahələrdə dinamik inkişafını diqqətə çatdırıb. O, ölkələrimiz arasında qarşılıqlı anlaşma və etimada əsaslanan yüksəksəviyyəli siyasi dialoqun bundan sonra da davam etdiriləcəyini əminliklə qeyd edərək, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın rifahı naminə daha da genişlənəcəyini vurğulayıb.
Sonda Azərbaycanın səhiyyə nazirinin müavini Viktor Qasımov və Çinin səfiri Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVID-19 pandemiyası əleyhinə peyvəndlərin təqdim edilməsinə dair təhvil-təslim Aktları”nı imzaladılar.