DÜNYA
Çin tibb sahəsində süni intellektin tətbiqi üzrə dünya lideridir
Bakı, 20 iyun, AZƏRTAC
Çin tibdə süni intellektin tətbiqi üzrə dünyada birinci yeri tutur. Bu göstəriciyə görə ilk üçlüyə, həmçinin Səudiyyə Ərəbistanı və Sinqapur daxildir.
AZƏRTAC “Straits Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat “Philips” korporasiyasının “Future Health Index” tədqiqatında yer alır.
Tədqiqata cəlb olunan 15 ölkə arasında tibb sahəsində süni intellekt ən az ABŞ-da – 10 faiz, Avstriya və Niderlandda yayılıb – 8 faiz. Bu sahədə, o cümlədən diaqnostika və müalicədə yeni texnologiyalardan ən çox Çin (45 faiz), Səudiyyə Ərəbistanı (34 faiz) və Sinqapur (28 faiz) istifadə edir.
Tədqiqat nəticəsində məlum olub ki, Sinqapurda süni intellekt əksər hallarda administrativ işlərdə - məsələn, pasiyentlərin qeydiyyatında, dərmanların təyinatında, personalın idarəetməsində daha çox istifadə olunur.
Eyni zamanda, məruzədə tibb işçiləri arasında yeni texnologiyalardan istifadə olunması səbəbindən işlərini itirəcəyi barədə narahatlığın hökm sürdüyü də qeyd edilir.