ELM VƏ TƏHSİL
Çin universitetləri ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq əlaqələri inkişaf edir
Bakı, 7 fevral (AZƏRTAC). Fevralın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Xun Tsyuin ilə görüşmüşdür.
ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, S.Seyidov keçən ilin sonunda Sinxua agentliyinin təşkilatçılığı ilə ADU-da keçirilmiş sərgi haqqında danışmış, rəhbərlik etdiyi universitetin Çinin Azərbaycandakı səfirliyi ilə əməkdaşlığından məmnunluğunu bildirmişdir.
Azərbaycan Dillər Universitetinin Çin universitetləri ilə çox səmərəli əməkdaşlıq etdiyini bildirən Səməd Seyidov ən güclü və davamlı əlaqələrin təhsil və mədəniyyət sahələrində olduğunu söyləmişdir. Universitetin çinşünaslıq ixtisasında 10 tələbənin təhsil aldığını xatırladan rektor, yaxın vaxtlarda bu ali təhsil ocağında Çin Mərkəzinin açılacağını vurğulamışdır.
Səfir Xun Tsyuin ADU ilə əlaqələri vacib saydığını demiş və qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu bildirmişdir. Universitetlərarası birbaşa əlaqələrin vacibliyini deyən səfir ADU-nun Çin universitetləri ilə əlaqələrinin genişlənəcəyinə inamını ifadə etmişdir.
Xun Tsyuin Çin universitetləri ilə ADU-nun qarşılıqlı əlaqələrinin qurulmasında gələcək səmərəli əməkdaşlığa inandığını bildirmişdir.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılmışdır.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisası 2012-2013-cü tədris ilindən fəaliyyət göstərir.