DÜNYA
Çin və Monqolustan səhralarından gələn qum buludu Yaponiyanın cənub-qərb ərazilərində problemlər yaradıb
Tokio, 29 mart, AZƏRTAC
Çin və Monqolustan səhralarından gələn nəhəng qum buludu Yaponiyanın cənub-qərb ərazilərində problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi bununla əlaqədar yollarda görmənin pisləşəcəyi barədə xəbərdarlıq yayıb. Sürücülərdən hərəkət zamanı sayıqlığı artırmaq xahiş olunub.
Bildirilir ki, Çin və Monqolustanın səhra rayonlarından qumu havaya qaldıran qərb küləyi Yaponiyanın Kyuşü və Şikoku adalarına çatıb. Martın 29-da Kyuşü adasında yerləşən Fukuoka şəhərində yollarda görüntü 2 kilometrədək azalıb.
Qum buludunun martın 30-da Yaponiyanın Hönşü adasının şimal-şərq sahillərinə çatacağı və paytaxt Tokionu ağuşuna alacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio