DÜNYA
Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreya hava müdafiə zonasına daxil olub

Pekin, 6 iyun, AZƏRTAC
Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı Çin və Rusiyanın hər birinə aid 4 hərbi təyyarənin iyunun 6-da xəbərdarlıq etmədən Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olduğunu açıqlayıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Çin və Rusiya təyyarələrinin hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub-çıxmaları yerli vaxtla saat 11:52 və 13:49 arasında baş verib. Təyyarələr Cənubi Koreyanın hava məkanına daxil olmasa da, ölkənin hərbi hava qüvvələrinın qırıcıları potensial təhlükə ilə əlaqədar səmaya qaldırılıb.
Birləşmiş qərargahın açıqlamasında deyilir ki, Çin və Rusiya təyyarələrinin Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olması Yaponiya, ABŞ və Cənubi Koreyanın müdafiə nazirlərinin bu günlərdə keçirilmiş birgə görüşündə təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlığın dərinləşdirilməsinə sadiq qalmalarını açıqlamasından sonraya təsadüf edir.
Çinin Müdafiə Nazirliyi Çin və Rusiyanın Yapon və Şərqi Çin dənizi üzərində hava patrul uçuşları həyata keçirdiyini açıqlayıb.
Qeyd edək ki, hava hücumundan müdafiə identifikasiya zonası hər hansı ölkənin hava məkanı hesab olunmasa da, xarici dövlətə məxsus təyyarələr bu zonaya yaxınlaşanda insident yaranmaması üçün əvvəlcədən qarşı tərəfə məlumat verməlidirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin