DÜNYA
Çin xaricə 500 milyon doza COVID-19 peyvəndi ixrac edib
Pekin, 13 iyul, AZƏRTAC
Çin indiyədək təxminən 100 ölkəyə, ümumilikdə 500 milyon doza COVID-19 peyvəndi təqdim edib.
AZƏRTAC Çin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, xaricə göndərilən vaksinlərin əsas hissəsi 50-dən çox ölkəyə kommersiya prinsipi əsasında ixrac olunub. Müəyyən miqdarda vaksin isə Çin dövləti tərəfindən 80 ölkəyə yardım kimi təqdim olunub.
Bildirilir ki, Çin şirkətləri dünyada COVID-19 vaksinlərinə artan tələbatı ödəmək üçün istehsal gücünü çoxaltmaqla yanaşı, bəzi ölkələrdə tam və ya qismən vaksin istehsalına da başlayıb.
Qeyd edək ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ölkədə COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə vurulan peyvəndin miqdarı 1 milyard 390 milyon dozanı ötüb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birinci olmaqla yanaşı, dünya üzrə ümumi rəqəmin təxminən üçdəbirini təşkil edir. Vaksinasiya prosesində yerli “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin