DÜNYA
Çin yuanının məzənnəsi il ərzində ən aşağı səviyyəyə düşüb
Pekin, 26 sentyabr, AZƏRTAC
Çin Xarici Valyuta Mübadilə Əməliyyatları Sistemində sentyabrın 26-da milli valyuta olan yuanın məzənnəsi 378 baza bəndi zəifləyib. Nəticədə yuanın məzənnəsi cari il ərzində ən aşağı səviyyəyə (1 ABŞ dolları – 7,0298 yuan) düşüb.
AZƏRTAC xəbər verir ki, yuanın aprel ayından başlayan zəifləməsi milli valyutanın son 2 ildə illik ən böyük dəyər itirməsi ilə nəticələnib. Xarici ekspertlər yuanın məzənnəsinin zəifləməsini COVID-19 mübarizə tədbirlərinin, o cümlədən ölkənin maliyyə və biznes mərkəzi olan Şanxay kimi iri şəhərlərdə ötən aylarda tətbiq olunan sərt qapanma rejiminin iqtisadi fəallığa mənfi təsirləri, habelə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sentyabrın 21-də 0,75 faiz artırması ilə əlaqələndirirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin