CƏMİYYƏT


Çinar meşəsinin izləri

Bakı, 12 aprel, AZƏRTAC

Yazda təzəcə tumurcuq tutan, puçurlamağa başlayan budağı qırmağa kimin əli gələr? Yamyaşıl qanadı kəsməyə, doğramağa, yandırmağa necə? Bunu etmək üçün ən azı insani duyğulardan uzaq olmalısan.

Bəs onda yüz illik, min illik çinarları dibindən kəsən, meşəsinə od vuran qansızlara nə deyəsən? Bu yerlərə layla çalan Bəsitçayın sahilində uzandıqca uzanan, təbiətə yaşıl don biçən, budaqları buludlara baş çəkən Çinar meşəsinə divan tutanlara insan demək olarmı?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zəngilan rayonuna təşkil etdiyi mediaturda iştirak edən AZƏRTAC-ın müxbirinin verdiyi məlumata görə, bu yerlərin rəmzinə çevrilən məşhur Çinar meşəsində indi bir salamat ağac da qalmayıb. Şərq çinarlarının boy-boya, kürək-kürəyə verdiyi, necə deyərlər, quşu ayağından tutmaq mümkün olan bu yerlər indi yaşıllıqlardan məhrum olan boş əraziyə çevrilib. Nə az, nə çox, 107 hektarlıq meşədən əsər-əlamət də yoxdur. Göz işlədikcə uzanan nəhəng meşədən adda-budda yanan ağaclar, təkəmseyrək kötüklər yadigar qalıb. Bu, vandallıq, erməni vəhşiliyi deyilsə, bəs nədir?

Bəsitçayın sahilində 100-150 yaşı olan xan çinarlar hanı? Tarixlərə şahidlik edən, on iki-on beş əsr yaşı olan Şərq çinarlarına divan tutmağa, balta çalmağa necə qıymaq olar? Bunu edənlərin sinəsində gərək ürək döyünməsin, damarında qan axmasın. Heyf sənə ağac-ağac kəsilən, budaq-budaq doğranan, kötük-kötük nişanələri qalan və od vurulub yandırılan Çinar meşəsi!

Heç nə cəzasız qalmır! Gec-tez, əvvəl-axır ana təbiətə divan tutan, ekoloji terror törədənlər bir gün haqq divanı qarşısında cavab verməli olacaqlar.

...Ana torpağın bərəkətli sinəsinə yeni tinglər, körpə fidanlar əkilir. Yaz günəşinin ilıq şüaları titrək budaqları salamlayır. Torpağa təzəcə basdırılan körpə ağaclar bu yerlərə, çılpaq düzlərə yeni həyat gətirir...

...İllər keçəcək, Bəsitçayın sahilində əvvəlkindən də boy-buxunlu, yaraşıqlı yamyaşıl çinar ağacları təbiətə yaşıl don biçəcək, bu yerlərin əbədi sakinlərini, gəlib-gedənləri, yolçuları, ziyarətçiləri sərin kölgəsinə qonaq edəcək. Çinar ağaclarının yaşıl yarpaqları bu torpağa qədəm basan, təşrif gətirən hər kəsə göynərtili və unudulmaz bir tarix də pıçıldayacaq...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.