CƏMİYYƏT


“Çinar” rəqs ansamblının üzvləri təltif olunublar

Bakı, 18 noyabr, AZƏRTAC 

Həkimlik sənətini seçən şəxs təkcə tibb elmini öyrənməklə kifayətlənməməlidir. Pasiyentə daha düzgün yanaşıb müalicə etməsi üçün həkimin dərin dünyagörüşü olmalı, hərtərəfli inkişaf etməlidir.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu universitetin rektoru Gəray Gəraybəyli “Çinar” Rəqs Ansamblının üzvləri ilə görüşdə deyib.

G.Gəraybəyli qeyd edib ki, zəngin şəxsiyyət kimi formalaşan həkimin fəaliyyəti cəmiyyətdəki rolunun və nüfuzunun yüksəlməsinə də təsir edir. Bu baxımdan, Tibb Universitetinin tələbələrindən ibarət “Çinar” rəqs ansamblının fəaliyyəti respublika səviyyəsində təqdir olunur. Rektor ansamblın yaradıcısı, “Azərbaycan rəqs sənətinin şahzadəsi” adlandırılan Xalq artisti Əminə Dilbazinin ənənəsinin bu gün də şərəflə davam etdirildiyini diqqətə çatdırıb. G.Gəraybəyli ənənənin davam etdirilməsi üçün universiteti bitirən hər bir ansambl üzvünün öz yerinə yeni tələbəni qrupa gətirməsinin vacib olduğunu bildirib.

Rektor noyabrın 6-da Dövlət Akademik Filarmoniyasında “Çinar” Rəqs Ansamblının 60 illik yubileyinə həsr olunmuş təntənəli tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.

Sonra Təhsil naziri Ceyhun Bayramovun “Çinar” rəqs ansamblının kollektivinə təbrik məktubu oxunub.

Tədbirin sonunda G.Gəraybəyli ansamblın yubiley tədbirinin təşkilində əməyi keçən insanlara, o cümlədən universitetin Həmkarlar İttifaqının sədri Cahangir Qasımova fəxri fərman təqdim edib. “Çinar” rəqs ansamblının bədii rəhbəri Nisaxanım Qasımova isə universitet rəhbərliyi ilə yanaşı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə də təltif olunub. Görüşdə ansambl üzvlərinin hər birinə fəxri fərman və mükafat təqdim edilib.

Görüşdə universitetin nəzdindəki “Şəfa” xalq çalğı alətləri ansamblının üzvləri də iştirak ediblər.

Qeyd edək ki, 1959-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunda yaradılan “Çinar” rəqs ansamblı qısa müddətdə tamaşaçıların rəğbətini qazanıb. Noyabrın 6-da Dövlət Akademik Filarmoniyasında Azərbaycan Tibb Universitetinin (ATU) “Çinar” Rəqs Ansamblının 60 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Səhiyyə naziri Oqtay Şirəliyev, Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəz Qarayev və digər qonaqlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.