DÜNYA


Çində 14 gündür mədəndə dağıntılar altında qalan şaxtaçılardan biri xilas edilib

Pekin, 24 yanvar, AZƏRTAC

Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra 14 gündür dağıntı altında qalan şaxtaçıların mədəndən çıxarılmasına başlanılıb.

AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, təxminən 600 metr dərinlikdə qalan şaxtaçıların xilası üçün qazılmış quyu vasitəsilə yanvarın 24-də yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə 7:00) birinci şaxtaçı çıxarılıb. Xeyli zəifləmiş şaxtaçı dərhal xəstəxanaya yerləşdirilib. Hazırda yeri müəyyən edilmiş digər 10 şaxtaçının çıxarılması və digərlərinin yerinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Çisia şəhərində özəl şirkətlərdən birinə məxsus mədəndə yanvarın 10-da saat 14:00 radələrində partlayış baş verməsi nəticəsində 22 şaxtaçı ilə əlaqə kəsilib. Şəhərin fövqəladə hallar departamentinə bu barədə məlumat yanvarın 11-i saat 20:00 radələrində daxil olub. Dərhal axtarış işlərinə başlanılıb. Yanvarın 17-də 12 şaxtaçının 2 fərqli yerdə olması müəyyən edilib. Onlardan 11 nəfərinin olduğu yerə ensiz quyu qazılaraq telefon, ərzaq, dərman və tibbi ləvazimatlar ötürülüb. Bir neçə gün əvvəl komaya düşmüş bir şaxtaçının öldüyü təsdiqlənib.

Çisia şəhər partiya komitəsinin katibi və şəhərin meri hadisə barədə vaxtında məlumat verməməkdə təqsirli bilinərək vəzifələrindən azad olunublar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.