CƏMİYYƏT


Çində 15 tibb işçisinin koronavirusa yoluxması təsdiqlənib

Bakı, 21 yanvar, AZƏRTAC 

Hubey əyalətinin (Mərkəzi Çin) Uxan şəhərində 15 tibb işçisinin sətəlcəmə yoluxması təsdiqlənib. Bu yoluxmanın yeni tipli (2019-nCoV) koronavirusla bağlı olması bildirilir. Bundan əlavə daha bir yoluxma baş verməsi ehtimal edilir. Uxan səhiyyə məsələləri komitəsində bu barədə yanvarın 21-də səhər məlumat verilib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, 16 pasiyentdən biri ağır vəziyyətdə, digərləri sabit vəziyyətdədir. Komitədən verilən məlumata görə, bu şəxslərin hamısı izolyasiya şəraitində müalicə keçir.

Bazar ertəsi saat 18.00-a olan məlumata görə, Çində yeni tipli koronavirusun törətdiyi sətəlcəmə yoluxma hallarının sayı 224-ə çatıb. Onlardan 217 nəfərinin sətəlcəmə yoluxması təsdiqlənib. 14 belə hal Quandun əyalətində, 5 hadisə Pekində, 198 hadisə Uxanda qeydə alınıb. Yoluxanlardan 4 nəfəri vəfat edib.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Çində yeni koronavirusun törətdiyi sətəlcəm yayılması ilə əlaqədar tövsiyə dərc edib. Sənəddə deyilir: “Kəskin respirator xəstəliyə tutulma riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir: kəskin respirator xəstəliyə tutulmuş şəxslərlə yaxın kontaktda olmamalı; tez-tez, xüsusən xəstələrlə bilavasitə ünsiyyətdən sonra əllərini yumalı; xəstə və ya ölmüş kənd təsərrüfatı heyvanları və ya vəhşi heyvanlarla kontaktdan çəkinməli; kəskin respirator xəstəliklərin əlamətləri olan sərnişinlər öskürəndə və ya asqıranda məsafə saxlamalı, ağızlarını birdəfəlik salfetlərlə tutmalı, əllərini yumalıdırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.