DÜNYA
Çində 1,7 milyondan çox sakin şiddətli yağışlardan zərər görüb VİDEO

Pekin, 8 iyun, AZƏRTAC
Çinin bir sıra vilayətində bir neçə gündür davam edən şiddətli yağışların törətdiyi fəsadlardan ümumilikdə 1,76 milyon insan zərər görüb, 9 nəfər ölüb, 5 nəfər itkin düşüb.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, Quansi Cuan muxtar bölgəsində 320 mindən çox sakin iyunun 4-dən davam edən aramsız yağıntılardan zərər görüb. Yağışın yaratdığı sel və daşqın 14 min hektardan çox əkin sahəsində məhsulu məhv edib. Bölgədə 36 çayda suyun səviyyəsi təhlükəli həddə çatıb. Bayse qəsəbəsində palçıq axını evlərin və yolların dağılmasına səbəb olub. Turizm mərkəzlərinə giriş dayandırılıb. Meteorologiya bürosu bölgədə fövqəladə hazırlıq səviyyəsini 3-cü pillədən 2-yə yüksəldib.
Hunan vilayətində mayın son günlərindən başlayan güclü yağış vilayətin 20 rayonunda daşqın və sel yaradıb ki, nəticədə sənaye və kənd təsərrüfatına xeyli ziyan dəyib.
Bundan başqa, aramsız yağıntı Quandon, Fucien və Ciansi vilayətlərində də fəsadlar törədib. Sakinlər qarşıdakı günlərdə sel, daşqın, torpaq sürüşməsi kimi fəlakətlər barədə xəbərdar edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin