DÜNYA


Çində 5G telefonlarının istehsalı 2 dəfədən çox artıb

Pekin, 22 iyun, AZƏRTAC

Çində beş ayda 5G smartfonlarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 134 faiz çoxalaraq 108 milyon olub.

AZƏRTAC Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasına istinadla xəbər verir ki, 5G smartfonlarının sayı ölkədə istehsal olunmuş mobil telefonların 72,8 faizini təşkil edib.

Bildirilir ki, mayda 5G smartfonlarının istehsalı 7 faiz çoxalıb. Ötən ay ölkədə satılan mobil telefonların 83,8 faizini yerli brendlər təşkil edib.

Qeyd edək ki, Çin hazırda 5G şəbəkəsinə qoşulmaların sayına görə dünyada liderlik edir. 2019-cu ilin noyabrından etibarən Çinin 3 mobil rabitə operatoru – “China Mobile”, “China Telecom” və “China Unicom” abunəçilərə 5G şəbəkə xidmətləri göstərməyə başlayıb. Çinin mobil rabitə operatorları bu il də daxil olmaqla 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərmayə yatıracaq. Hazırda Çində 5G-nin 700 mindən çox baza stansiyası fəaliyyət göstərir. Cari il ərzində daha 600 min baza stansiyasının quraşdırılması planlaşdırılıb.

Ölkədə 100 milyona yaxın 5G mobil şəbəkə istifadəçisi var ki, bu da Çini sözügedən sahə üzrə dünyada birinci edir. Bir neçə şəhərdə isə artıq yalnız 5G istifadə olunur. Proqnozlara görə, 2025-ci ildə Çində 5G istifadəçilərinin sayı 500 milyona yaxınlaşacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.