DÜNYA
Çində 9 milyon nəfərə COVID-19 peyvəndi vurulub VİDEO
Pekin, 9 yanvar, AZƏRTAC
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi çərçivəsində xüsusi risk qrupundan olan 9 milyon nəfərə peyvənd vurulub.
AZƏRTAC xəbər verir ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Cen İsin yanvarın 9-da keçirilən mətbuat konfransında bu barədə açıqlama verib. O, hökumətin şərq xalqlarının Ay təqvimi ili qeyd olunan Yeni il bayramı (11-17 fevral) tətilinədək 50 milyon nəfərə 2 dozada peyvənd vurulmasını başa çatdırmağı planlaşdırdığını deyib.
Bildirilib ki, son günlər virusun yeni yoluxma ocaqlarının aşkarlandığı Hebey vilayətində vaksinasiya prosesinin sürətləndirilməsinə qərar verilib.
Cen İsin Çində hazırlanan peyvəndlərin COVID-19-un Böyük Britaniyada tapılan yeni ştammına qarşı effektli ola biləcəyini deyib. Onun sözlərinə görə, çinli mütəxəssislər ötən il Çində aşkarlanan virus ştammı ilə Böyük Britaniyada aşkarlanan ştammı müqayisə edərkən, peyvəndin həm heyvanlarda, həm də insanlarda yaratdığı anticisimlərin virusu neytrallaşdırdığının şahidi olublar.
Qeyd edək ki, əvvəlcədən elan olunduğu kimi Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası iki mərhələdə aparılır. Qış-yaz mövsümünü əhatə edəcək ilk mərhələdə tibb işçiləri, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və s. peyvənd vurulur. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunacaqlar.
Peyvəndlər iri həcmdə bazara daxil olandan sonra ikinci mərhələ başlayacaq və bütün əhalinin vaksinasiyasına imkan yaranacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin