SİYASƏT
Çində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib VİDEO
Pekin, 21 oktyabr, AZƏRTAC
Ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyinin və fondun əməkdaşları, Çində təhsil alan və çalışan azərbaycanlılar iştirak ediblər.
Səfirliyin müşaviri Əyyar Hüseynov, birinci katib Samir Məmmədov dövlətimizin xarici ölkələrdə yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışıblar. Bildirilib ki, müvafiq dövlət qurumları, o cümlədən xaricdəki diplomatik nümayəndəliklərimiz soydaşlarımıza hər cür dəstək verirlər.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Aytən Əliyeva fondun yaranma məqsədi və fəaliyyət sahələri haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Diasporuna Dəstək Fondu 2018-ci il iyulun 6-da Prezident İlham Əliyevin Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Fondun əsas məqsədi Azərbaycanda həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya çatdırılmasıdır. Həmçinin ölkəmizin mənafelərinin müdafiəsi, milli-mənəvi dəyərlərimizin qoruması, tanıdılması, diaspor təşkilatlarımızın mütəşəkkilliyinin möhkəmlənməsi əsas məqsədlər sırasındadır. Fond diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan soydaşlarımızın layihələrinin həyata keçirilməsində, innovativ ideyalarının dəstəklənməsində əhəmiyyətli rol oynamağa çalışacaq.
Sonra gələcək fəaliyyət sahələri haqqında müzakirələr aparılıb, fonda müraciətlə bağlı suallar cavablandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin