ELM VƏ TƏHSİL
Çində Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun yay məktəbi təşkil olunub
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çinin Xuçjou şəhərində Çin dili kurslarında oxuyan azərbaycanlı dinləyicilər üçün yay məktəbi təşkil edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADU-rəsmi tərəfdaşı olan Xuçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə azərbaycanlı gənclər Çin dilinə dair biliklərini təkmilləşdirirlər. Onlar, həmçinin Çinin tarixi və mədəniyyətini öyrənir, kalliqrafiya incəsənətinə, “Uşu” gimnastikasına, bu ölkənin kulinariyasına, ənənəvi çay mərasiminə həsr olunmuş ustad dərslərində iştirak edirlər.
Yay məktəbinin dinləyiciləri Böyük İpək Yolu üzərində yerləşən, tolerant ölkə kimi tanınan Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin gənclərinə çatdırmaq məqsədilə tədbir keçiriblər. Tədbir çərçivəsində Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun Prezident İlham Əliyevin 2003-2017-ci illərdə ölkələrimiz arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yönələn çoxplanlı fəaliyyətinə həsr olunmuş “Azərbaycan-Çin: diplomatik münasibətlərin qurulmasının 25 illiyi” (Çin dilində) kitabının təqdimatı keçirilib.