DÜNYA


Çində COVID-19 xəstələrinin yerləşdirilməsi üçün mobil xəstəxanalar inşa olunur VİDEO

Pekin, 15 yanvar, AZƏRTAC 

Çində COVID-19 virusuna yoluxanların və yoluxmaqda şübhəli bilinənlərin təcrid edilməsi üçün mobil xəstəxanaların inşasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, mobil xəstəxanalar Çində hazırda COVID-19 virusunun sürətlə yayıldığı Hebey vilayətinin paytaxtı olan Şıciacuan şəhərinin Quyin və Huancuan kəndlərində inşa olunur. Hər biri 30 hektardan çox ərazidə quraşdırılan xəstəxanalar 3 mindən artıq izolyasiya otağından ibarət olacaq. Artıq onların birində 300, digərində isə 600 otaq quraşdırılıb. Quraşdırma işlərinin bir neçə gün ərzində başa çatdırılması planlaşdırılıb. Yoluxma hallarının daha çox qeydə alındığı yaşayış məntəqələrinin sakinləri həmin mobil xəstəxanalara yerləşdiriləcəklər.

Çində COVID-19 xəstələri üçün qısa müddətdə mobil xəstəxanaların quraşdırılması ənənəsinin əsası ötən ilin yanvar-fevralında virusun sürətlə yayıldığı Hubey vilayətində qoyulub. O zaman Hubey vilayətinin paytaxtı Uxanda 1000 və 1600 çarpayılıq Leyşenşan və Huoşenşan xəstəxanaları 7-10 gün ərzində inşa edilmişdi.

Qeyd edək ki, Çində yanvarın ilk günlərindən COVID-19 virusuna gündəlik yoluxma hallarının sayında artım müşahidə olunur. Gündəlik təsdiqlənmiş yoluxma sayı mart ayındakı səviyyəyə çatıb. Yanvarın 13-də isə 8 aylıq fasilədən sonra ilk ölüm qeydə alınıb. Hebey vilayətinin paytaxtı Şıciacuan şəhərində, ardınca isə vilayətin Sintay şəhərində tam qapanma elan edilib. Bundan başqa, digər vilayətlərdə və paytaxt Pekində bəzi yaşayış rayonları aşağı, orta və ya yüksək riskli zonalar elan olunub. Ekspertlər Çinin COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə olduğunu bildirirlər. Paralel olaraq Çində risk qrupundan olan əhalinin yeni növ koronavirusa qarşı vaksinasiyası davam etdirilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.