DÜNYA
Çində Nankin qırğını qurbanlarının xatirəsi anılır
Pekin, 13 dekabr, AZƏRTAC
Çinin Nankin şəhərində 1937-ci ildə yapon ordusunun törətdiyi qırğınlarda ölənlərin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, 1937-1945-ci illər yapon-Çin müharibəsi dövründə baş verən Nankin hadisələrinin ildönümü ilə əlaqədar rəsmi anım mərasimi keçirilib. Nankin qırğını quranlarının xatirə muzeyinin qarşısında keçirilən tədbirdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, hadisələrin canlı şahidləri və qırğın qurbanlarının yaxınları iştirak ediblər.
Nankin qırğınını bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olduğunu deyən Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen həmvətənlərini keçmişi daim xatırlamağa çağırıb.
Qeyd edək ki, Çin tərəfinin məlumatına əsasən, yapon ordusunun ölkənin o vaxtkı paytaxtı olan Nankində 1937-ci il dekabrın 13-dən yanvar sonunadək törətdiyi qırğınlarda 300 mindən çox dinc sakin və silahsız əsgər öldürülüb. Rəsmi Tokio Nankində törədilən qırğınları təsdiq etsə də, həlak olanların sayı barədə məlumatların dəqiq olmadığını və bununla bağlı müxtəlif fikirlərin mövcudluğunu bildirir.
Ümumçin Xalq Nümayəndələri Yığıncağının (Çin qanunverici orqanı) 2014-cü ildə qəbul etdiyi qərarla hər il 13 dekabr tarixi Çində Nankin qırğını qurbanlarının xatirəsinin anım günü kimi qeyd edilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin