MƏDƏNİYYƏT
Çində Novruz şənliyi təşkil olunub
Bakı, 22 mart, AZƏRTAC
Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi xalqımızın əziz bayramlarından olan Novruz münasibətilə Pekində şənlik təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə səfir Əkrəm Zeynallı xalqımızın əsrlər boyu qəlbində yaşatdığı Novruzun mədəniyyətimizdəki yerindən danışıb. Qeyd edib ki, ölkəmizdə hər il təntənəli şəkildə keçirilən Novruz bayramı adət-ənənələri dünya mədəni irsinin mühüm tərkib hissəsidir. Bildirilib ki, dünyada 300 milyondan çox insan tərəfindən qeyd edilən, sülh, dostluq və tolerantlıq ideyalarını özündə birləşdirən Novruz BMT ideallarını tam əks etdirir. Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib, daha sonra BMT Baş Assambleyasının 2010-cu ilin fevralında qəbul etdiyi qətnaməyə əsasən 21 mart tarixi Beynəlxalq Novruz günü elan edilib.
Səfir Ə.Zeynallı ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına göstərilən diqqət və qayğından danışaraq, Azərbaycan Prezidenti İlham Əliyevin hər il Novruz bayramı münasibətilə Bakıda təşkil olunan ümumxalq şənliklərində iştirakının bunun təzahürü olduğunu deyib.
Tədbirdə iki ölkə arasında müxtəlif sahələrdəki səmərəli fəaliyyətinə görə bir qrup şəxsə səfirliyin fəxri fərmanları verilib. Təltif olunanlar arasında AZƏRTAC-ın Çin Xalq Respublikasındakı xüsusi müxbiri Şahin Cəfərov da var.
Mərasimdə Novruz bayramından bəhs edən videoçarx nümayiş olunub, uşaqlar Vətənə, Novruz bayramına və yazın gəlişinə həsr olunan şeirlər oxuyub, rəqs ediblər.
Azərbaycandan dəvət olunan musiqiçilərin ifasında xalq mahnıları, oyun havaları səslənib.