DÜNYA
Çində “Payızın ortası” bayramı və ya Ay festivalı qeyd olunur VİDEO
Pekin, 13 sentyabr, AZƏRTAC
Çinin ənənəvi bayramlarından biri olan “Payızın ortası” və ya Ay festivalı bu il sentyabrın 13-nə təsadüf edir.
AZƏRTAC xəbər verir ki, Şərq ölkələrinin ənənəvi Ay təqvimi ilə 8-ci ayın 15-ci günü qeyd olunan bu bayramın tarixi Tan sülaləsinin hakimiyyətinin ilk dövrlərinə, yəni 7-ci əsrə gedib çıxır. Bayramın yaranmasına dair bir neçə fərqli rəvayət var. Başqa adla “Ay çörəyi” adlanan bayramda ayabənzər şirniyyatların hazırlanması və paylanılması ənənəsi var.
Həmrəylik xarakteri daşıyan bu bayramı ailə üzvləri, yaxın qohumlar, dostlar bir yerə toplaşaraq qeyd edirlər. Bundan başqa, Ay festivalı günlərində həm də məhsul bayramı qeyd olunur. Tarixən kənd təsərrüfatının, əkinçiliyin geniş yayıldığı Çində insanlar bol-bərəkətli məhsul yığımını elliklə qeyd etməyə üstünlük veriblər. Yaz-yay aylarının əziyyətinin bol məhsul əldə etməklə başa çatması insanların sevincinə, bu sevinc isə müxtəlif şənlikləri əhatə edən məhsul bayramın yaranmasına səbəb olub.
Qeyd edək ki, bu bayram günlərində insanların valideynlərini, doğmalarını ziyarət etmək və 3 günlük bayram tətilindən yararlanaraq tətilə getmək istəyənlərin sayının çoxluğu səbəbindən nəqliyyatda sıxlıq müşahidə olunur. Proqnozlara görə, bayram günlərində dəmir yolu ilə gündəlik daşınan sərnişinlərin sayı 11,5 milyon nəfərə çatacaq. Hava limanlarında cədvəldən kənar uçuşların sayı da artırılıb. Pekinin "Paytaxt" hava limanının bayram günlərində 835 min sərnişinə xidmət edəcəyi gözlənilir.
“Payızın ortası” bayramı Çin ilə yanaşı, müxtəlif adlar altında və adət-ənənələr əsasında Vyetnam, Sinqapur, Malayziya, İndoneziya, Filippin və digər ölkələrdə də qeyd edilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin